Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Salzburq Azərbaycan Evinin rəhbəri “QALA”nı ziyarət edib
14 iyul 2026-cı il tarixində Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Salzburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizov Yunanıstan Respublikasına səfəri çərçivəsində Saloniki şəhərində fəaliyyət göstərən “QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin ofisini ziyarət edib.
Qonağı “QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov qarşılayıb. Görüşdə Salonikdə yaşayan bir neçə azərbaycanlı soydaşımız da iştirak edib. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Rəşid Məmmədov “QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və Yunanıstanda Azərbaycan diasporunun təşkilatlanması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
O, cəmiyyətin əsas məqsədləri sırasında Yunanıstanda yaşayan azərbaycanlıların milli birliyinin möhkəmləndirilməsi, Azərbaycanın tarixinin və mədəniyyətinin təbliği, milli-mədəni irsimizin qorunması, eləcə də Azərbaycan–Yunanıstan dostluq münasibətlərinin inkişafına töhfə verilməsinin xüsusi yer tutduğunu vurğulayıb.
Səfər çərçivəsində Fərid Əzizov Saloniki şəhərində fəaliyyət göstərən Azərbaycan Evi ilə də tanış olub. Burada həyata keçirilən fəaliyyət, təşkil olunan tədbirlər və gələcək layihələr barədə ətraflı məlumat verilib.
Rəşid Məmmədov Azərbaycan Evinin yerli icma üçün gördüyü işlərdən, həyata keçirilən mədəni və ictimai layihələrdən, eləcə də qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslərdən danışıb.
Görüş zamanı Avstriya və Yunanıstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, Avropada yaşayan soydaşlarımız arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcəkdə ortaq fəaliyyət platformalarının yaradılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər diaspor təşkilatlarının əlaqələndirilmiş və qarşılıqlı əməkdaşlığa əsaslanan fəaliyyətinin Azərbaycan mədəniyyətinin təbliğinə, xaricdə yaşayan soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsinə və diaspor fəaliyyətinin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyini qeyd ediblər.
Görüş zamanı Salonikdə yaşayan soydaşlarımızla da səmimi söhbət aparılıb. Onların fəaliyyəti, təklifləri və diaspor işinin inkişafı ilə bağlı fikirləri dinlənilib.
İştirakçılar bu cür görüşlərin müxtəlif Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin gücləndirilməsi və gələcək əməkdaşlıq üçün yeni imkanların yaradılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonda Fərid Əzizov “QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədova göstərilən qonaqpərvərliyə və səmimi qəbul üçün təşəkkürünü bildirib.
O, gələcəkdə Avstriya və Yunanıstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin daha da genişlənəcəyinə və yeni birgə layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Görüş xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.