Yunanıstan və Azərbaycan Salonikidə keçirilən 25-ci “Food for Good” festivalında mədəniyyət və mətbəx vasitəsilə bir araya gəldi
Yunanıstanın Saloniki şəhərində, Plaza Aretsusda keçirilən 25-ci ənənəvi “Food for Good” Beynəlxalq Qida Festivalında Azərbaycan da “QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən təmsil olunub.
Xeyriyyə məqsədi daşıyan festival çərçivəsində əldə olunan bütün vəsait Filiro bölgəsində yerləşən uşaq evinə ianə edilib. Beləliklə, tədbir müxtəlif xalqların mətbəx və mədəniyyətlərini bir araya gətirməklə yanaşı, sosial həmrəyliyin və xeyriyyəçilik ruhunun təşviqinə də xidmət edib.
“QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri festival iştirakçılarına Azərbaycan milli mətbəxinin zəngin nümunələrini təqdim ediblər.
Ziyarətçilər plov, dolma, qutab, paxlava və digər milli təamlarla yanaşı, ənənəvi Azərbaycan çayını da dadmaq imkanı əldə ediblər.
Azərbaycan guşəsində qonaqlara ölkəmizin yalnız mətbəxi deyil, həmçinin tarixi, mədəniyyəti, ənənələri və turizm imkanları haqqında məlumat verilib.
Cəmiyyətin nümayəndələrinin bildirdiyinə görə, tədbirdə iştirakın əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini və milli mətbəxini Yunanıstanda və beynəlxalq auditoriya qarşısında tanıtmaq, həmçinin Yunanıstan və Azərbaycan xalqları arasında mədəni dialoqu və dostluq əlaqələrini daha da gücləndirmək olub.
Saloniki şəhərində hər il keçirilən “Food for Good” Beynəlxalq Qida Festivalı müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirən mühüm multikultural platformalardan biridir. Festivalda dünyanın 40-dan çox ölkəsinin milli mətbəxi təqdim olunur və tədbir hər il minlərlə ziyarətçini qəbul edir.
Azərbaycan guşəsi festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar milli mətbəximizin müxtəlif nümunələri ilə tanış olmaqla yanaşı, Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında da məlumat əldə ediblər.
“QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyəti üçün bu iştirak iki ölkə arasında mədəni diplomatiyanın, xalq diplomatiyasının və qarşılıqlı anlaşmanın inkişafına töhfə verən mühüm təşəbbüslərdən biri olub.